Daban şporu yada daban mahmızı topuqda güclü ağrılarla müşahidə olunan, geniş yayılmış xəstəlikdir. Adı keçən xəstəlik dayaq-hərəkət aparatı pozulması olub, tibb sahəsində plantar fassit olaraqda adlandırılır. Bu zaman daban hissəsində mövcud olan bağlar iltihablanır və iltihabın artması ilə daban sümüyü üzərində çıxıntılar (osteofitlər) yaranır. Elə məhz bu osteofitlər “şporlar” olaraq adlandırılır. Bəzi hallarda bu çıxıntıların ölçüsü 12 mm qədər müşahidə olunur. Müalicə tədbirlərinin vaxtında başlamadığı halda daban nahiyəsində şiddətli ağrılar, yerimə zamanı axsamalar kimi bir çox fəsadlar ortaya çıxır. Bu ağrılar xüsusilə uzun müddət oturduqdan və ya uzandıqdan sonra daha şiddətli olub, bir qədər gəzdikdən sonra isə azalır.
Bu xəstəliyin əsas göstəriciləri ağrı hallarıdır. Həmin ağrı dabanda yaranan şporun yumşaq toxumalara zərər verməsi zamanı yaranır. Bunun nəticəsində daban hissəsində iltihabi proseslər ortaya çıxır və ayaq pəncəsinə qədər yayılır. Ağrı fiziki yüklənmə, uzun zaman sərt zəmin üzərində ayaqda dayanarkən, gəzərkən və tullanarkən, dar və narahat ayaqqabılar geyinərkən çoxalır. Daban şporunun ilkin simptomu səhər yuxudan yeni oyandıqdan sonra ki ilk addımlarda ortaya çıxan ağrıdır, bu ağrı bir neçə addımdan sonra azalmağa başlayır. Xəstəlik zamanı ağrılar çox kəskin olub, əsasən günün birinci yarısından daha şiddətli hiss olunur.
